“XAN Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ildə təsis edilib. Fəaliyyətə başladığı vaxtdan Azərbaycan kitab bazarına keyfiyyətli ədəbi nümunələrlə yanaşı müxtəlif elmi-publisistik, şəxsi inkişaf və motivasiya kitabları ilə daxil olmağı bacarıb. “XAN Nəşriyyatı” dəfələrlə yerli və beynəlxalq kitab sərgilərində uğurla iştirak edib, “Fəal iştiraka görə” və “Uğurlu iştiraka görə” diplomları ilə təltif olunub. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həmtəsisçisi və idarə heyətinin üzvüdür. Birlik daxilində həyata keçirilən bütün kitab sərgi-yarmarkalarının təşkilində “XAN Nəşriyyatı”nın birbaşa rolu var.
Nəşriyyat yarandığı dövrdən bugünədək “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat”, “Tərcümə ədəbiyyatı”, “Xatirə ədəbiyyatı”, “İlk kitab”, “Məşhurlar”, “Yerli klassika”, “Xarici klassika”, “Şəxsi inkişaf” və “Azərbaycan ədəbiyyatı rusca” adlı kitab silsilələri çap edir. Əlavə olaraq “BalaBilgə Nəşrləri” adlı alt markasında müxtəlif yaş kateqoriyasına aid yerli və xarici müəlliflərin kitablarının nəşri ilə məşğuldur.
Milli ədəbiyyat
“XAN Nəşriyyatı”nın “Milli ədəbiyyat” silsiləsində Azərbaycan ədəbiyyatında iz qoymuş müəllifləri çap edir. Yayım hüquqları alınmış müəlliflərdən – Salam Qədirzadə, Əzizə Cəfərzadə, İsa Muğanna, eləcə də klassiklərimizdən – Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Pənahi Makulu, Həsən Seyidbəyli, Qulamhüseyn Səidi, Mirzə Əbdürrəhim Talıbov və b. müəlliflərin kitablarını nəşr edir.
Çağdaş ədəbiyyat
“Çağdaş ədəbiyyat” silsiləsində müasir dövrdə yaşayıb-yaradan yerli yazıçıların kitabları çap olunur. Bu silsilə ilə müntəzəm əməkdaşlıq edən Şəmil Sadiq, Elxan Elatlı, Cəlil Cavanşir, İlqar Fəhmi, Xanəmir Telmanoğlu, Sevinc Elsevər, Varis, Rüstəm Behrudi, İlham Tumas, Kənan Hacı, Xəyalə Murad və b. müəlliflərin bir çox kitabının nəşr və yayım hüququ məhz “XAN Nəşriyyatı”na məxsusdur.
Tərcümə ədəbiyyatı
“XAN Nəşriyyatı” “Tərcümə ədəbiyyatı” adlı silsiləsində dünyanın bir çox tanınmış yazıçılarının yaradıcılığına müraciət edir. Əsasən, müəllif hüquqlarının alınması ilə həyata keçirilən bu kitab layihələrində müxtəlif janrlı kitablar çap olunur. Ceyms Rollins, Dmirti Qluxovski, Orxan Pamuk, Mixail Bakunin, Artur Konan Doyl, Edqar Allan Po, Qriqoriy Petrov, Teodor Drayzer, Oljas Süleymenov, Svetlana Alekseyeviç, İtalo Kalvino, Patrik Modiano, Ziqmund Freyd, Cek London, Fridrix Nitsşe, Piter Ceyms və başqa müəlliflərin əsərlərinə müraciət edərək keyfiyyətli tərcümə mətnlər ərsəyə gətirməyə çalışır. Bundan başqa Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çap olunan kitablar da “Tərcümə ədəbiyyatı” silsiləsinə daxildir. Bu layihə çərçivəsində 30-a yaxın kitab çap olunub.
Xatirə ədəbiyyatı
“Xatirə ədəbiyyatı” silsiləsi “XAN Nəşriyyatı”nın ən uğurlu layihələrindəndir. Bu silsilədə görkəmli şəxsiyyətlərin – şair, yazıçı, tarixi şəxsiyyətlər və incəsənət xadimlərinin həyatına həsr edilən kitablar nəşr olunur. Müxtəlif dövrlərdə yaşayıb-yaratmış, dövrünün fikir tarixinə öz düşüncəsini qatmış, fəaliyyəti ilə tarixi hadisələrə imza atmış və öz sənətinin zirvəsinə çatmış bu şəxsiyyətlər haqda yazılan hər bir xatirə onların həyatını daha aydın anlamağımıza kömək edir. Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda, Rusiyada və dünyanın başqa ölkələrində yaşamış bu insanlar sənət və ədəbiyyat tarixində xatırlanmaqla yanaşı özləri də memuar, xatirə-roman, avtobioqrafik əsər yazıblar. “Xatirə ədəbiyyatı” silsiləsində bu cür müxtəlif quruluşlu kitablara rast gəlmək mümkündür.
Məşhurlar
“Məşhurlar” kitab silsiləsində, əsasən, tanınmış simalar haqqında bioqrafik çalarlı məqalələr, eyni zamanda istənilən məşhur mövzulara həsr olunmuş əsərlər nəşr olunur.
Azərbaycan ədəbiyyatı rusca
“Azərbaycan ədəbiyyatı rusca” kitab silsiləsinin təsis məqsədi yerli yazıçıların əsərlərini rusca təqdim etmək, beləliklə də, keyfiyyət meyarlı ədəbi nümunələrimizi rusdilli oxucuların diqqətinə çatdırmaqdır. Bu silsilədə klassiklərimizdən Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Qurban Səid, Əzizə Cəfərzadə, İmran Qasımov, Həsən Seyidbəyli ilə yanaşı müasir yazıçılarımızdan Şəmil Sadiq, Fidan Cəfərzadə, Anar, Çingiz Hüseynov və b. imzaların əsərləri nəşr olunub.
Şəxsi inkişaf
Qeyri-ədəbi nümunələr arasında motivasiya və şəxsi inkişaf müəlliflərindən Co Novarro, Martin Karlins, Entoni Robinz, Piter Kouter, Brayn Treysi, Andrey Kosenko, Ceylan Mumoğlu, Əhməd Yavuz Uşaqlıoğlu, Natella İsazadə və b. müəlliflərin kitablarının çapı “XAN Nəşriyyatı”nın fəaliyyət dairəsinə daxildir.
Kitab sayı
Müəllif sayı
Təşəbbüskar olduğu layihələr
Yerli və beynəlxalq layihələrdə iştirak