Əziz uşaqlar!
Böyüklər sizə tez-tez "Mənim balam böyük adam olacaq", - deyirlər. Bu sizin sabahnıza olan inamdan əmələ gəlir. Bu gün hamımız böyük kəşflər, icadlar etmiş, insanlara yol göstərmiş, xeyr işlər sahibi olmuş şəxsləri tanıyır və sevirik. Bəzən də onlar kimi olmağın bir möcüzə olduğuna inanırıq. "Böyük adam olmuş uşaqlar" seriyasında alim, filosof, hökmdar kimi şəxsiyyətləri öz həyat yollarını sizə danışacaqlar. Və siz görəcəksiniz ki, böyük işlər görmüş şəxsiyyətlər də bir zaman sizin kimi uşaq olublar. Sən niyə böyük adam olmayasan ki?...
Böyük adam olmağın yeganə yolu çalışmaq və içindəki enerjiyə güvənməkdir. əslində sən bir qiymətli daşsan, əgər bunu görmək istəyirsənsə, qurduğun xəyalların böyüklüyünə bir bax...
Məgər sən heç düşünmədin ki, uça bilsəydin nə gözəl olardı?...
Məgər sən düşünmədin ki, ayın yanına gedə bilsəydin nə əla olardı?...
Məgər sən istəmirsən ki, sənin sehrli çubuğun olsun ?...
Əlbəttə, düşündün, bunu düşünə bilən hər kəs böyük adam ola bilər. Ona görə də düşündüklərini, qurduğun xəyalları gerçəkləşdirmək üçün sadəcə, çalışmaq və oxumaq lazımdır. Mən də bir zamanlar düşünürdüm ki, görəsən, kitab yaza bilərəmmi ? Çalışdım və bunu bacardım. Sən də böyük adam olsan, uşaqlar da bir gün sənin haqqında yazılan kitabları oxuyacaq.
Sizi çox sevən dostunuz Şəmil Sadiq.